13.09.2017

Konfrans

Cəlilabad rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Tədbirdən öncə Cəlilabad rayon rəhbərliyinin nümayəndələri və təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Elminaz Nadirova ötən dərs ilinin təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Əldə olunan nailiyyətlərin müqayisəli təhlilini aparan şöbə müdiri ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib, perspektiv məsələlərdən bəhs edib.  Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacağını bildirən şöbə müdiri bunun uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyəti olacağını da söyləyib. Şöbə müdiri məruzəsində  “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.

E.Nadirova çıxışında Cəlilabad RTŞ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

Konfransda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran başçı bir sıra digər həlli vacib məsələlərə toxunub.

Sonra Təhsil Nazirliyinin nümayəndəsi İlham Cavadov, Günəşli kənd tam orta məktəbin direktoru Kəramət Həsənov, cari ildə qızıl medal almış Ağdaş kənd tam orta məktəbin məzunu Ləman Rufullayeva, 667 bal toplamış Abışabad kənd tam orta məktəbin məzunu Saleh Sadıqov  çıxış ediblər.

Konfransda 2 sentyabr 2017-ci il tarixdə Prezident İlham Əliyevin Cəlilabada səfərini əks etdirən videoçarx nümayiş olunub.

Konfransın sonunda 600-dən çox bal toplamış 12 nəfər məzunlara Cəlilabad RİH tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciətin mətni oxunub. 


Açar sözlər: