05.12.2017

Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabadda

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər.

Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib. Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun "Regional İnkişaf" İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan RİİB-in əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Regionlarda ictimai nəzarəti həyata keçirmək, müraciətlərin baxılmasında şəffaflıq və obyektivliyi təmin etmək, əhalinin müxtəlif sahələrdəki problemlərini araşdırmaq, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həllinə nail olmaq da qarşıya qoyulan vəzifələr sırasındadır. Görüşdə iştirak edən gənclər Cəlilabadda Muğam Mərkəzinin və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər. 


Açar sözlər: