01.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsinə start verilir

Cəlilabad rayon ümum təhsil məktəbliləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Müsabiqənin rayon mərhələsi  VIII-XI sinif şagirdlərinin iştirakı ilə 6 fevral 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbdə keçiriləcəkdir. 108 nəfər şagirdin iştirak etməsi müsabiqədə nəzərdə tutulmuşdur.

 Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən  müsabiqənin rayon  mərhələsində tapşırıqların icrasına 3 saat vaxt ayrılacaq. Cavablar  müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.

Sonda inşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunacaq.

Müsabiqədə I, II, III yerlərin qalibləri Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcək.


Açar sözlər: ,  ,