05.02.2018

Pedaqoji mühazirə

5 fevral 2018-ci il tarixdə “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində plenar və 5 bölmədən ibarət olan pedaqoji mühazirələrin rayon mərhələsi H.Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbin akt zalında və müvafiq sinif otaqlarında keçirilib. RTŞ-nin metodkabinet müdiri N.Babayev pedaqoji mühazirə iştirakçılarını məlumatlandırıb, keyfiyyət ili çərçivəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Sonra tədbir bölmələrdə davam etdirilib.

Cəlilabad rayon Təhsil Şöbəsi Metodkabinetə rayon ümumtəhsil məktəbləri tərəfindən 109 pedaqoji mühazirə təqdim olunub.

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Məktəbin idarəolunmasının təkmilləşdirilməsi”, “Məktəb-valideyn əlaqələri (sinif rəhbərləri, fənn müəllimləri və valideynlərin birgə işi)”, “Psixoloji xidmət və səmərəlilik”, “Müəllim-şagird münasibətləri”, “Kitabxana işinin təkmilləşdirilməsi” sahələrini təşkil edib.

Pedaqoji mühazirələr dinlənildikdən sonra mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələnlər seçilərək rayon mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilib.

Pedaqoji mühazirələrin rayon mərhələsində ən yaxşı məruzələr müəyyənləşdirilərək innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə yekun mərhələyə təqdim olunacaqdır.

Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.


Açar sözlər: ,