17.09.2018

Yeni modul tipli məktəb binalarının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Cəlilabad rayon Kürdlər kənd tam, Çinar  və Fərzili kənd ümumi orta məktəblərin yeni tədris binalarının açılış mərasimi keçirilib. Mərasimlər dövlət himninin səslənməsi ilə işinə başlayıb.

Məktəblərin açılışında Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Hafiz Cavadov, məktəbin pedaqoji kollektivləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov pedaqoji kollektivləri yeni dərs ilinin başlanması  və “Bilik günü” münasibətilə təbrik edərək onlara uğurlar diləyib.

Daha sonra çıxış edən rayon təhsil şöbəsinin  müdir əvəzi Hafiz Cavadov şagirdləri və müəllim kollektivlərini təbrik edərək ölkəmizin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli, vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. O, bu il məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərə dövlətimiz və cəmiyyətimiz üçün layiqli, savadlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Hafiz Cavadov çıxışlarında təhsilə  göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Pedaqoji kollektivləri tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

Açılışlarda şəhid atası Sənami Kərimov, valideynlərdən Əzizxan Abasov, İxtiyar Məmmədov, direktorlardan Gözəl Şərifova, Fuad Bəhramov, Mirkazım Sultanov, şagirdlərdən Aytac Məmmədova, Əsmər Qarayeva, Rəvan Bayramov, Fatimə Şahverdiyevanın çıxışlarında dövlət başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısından söz açılıb.

Açılış mərasimlərinin sonunda açılışı bildirən rəmzi lentlər Namiq Zeynalov tərəfindən kəsilib, tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Məlumat üçün bildiririk ki, Cəlilabad şəhərində 624 şagird yerlik yeni məktəbin tikintisi nəzərdə tutulub, hazırda isə 10 kənddə modul tipli məktəblərin tikintisi  davam etdirilir.