18.09.2018

İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub

Cəlilabad rayon ümumtəhsil məktəblərində yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, dərslər pedaqoji və şagird heyəti tərəfindən Dövlət himninin ifası ilə başlanıb.

Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik, milli-mənəvi dəyərlər, müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üç rəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat veriblər. Yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən söhbət açılıb. Qeyd edilib ki, milli dövlətçilik ənənələrimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edilib.