06.11.2019

Bayraq Gününə həsr olunmuş tədbir

            06 noyabr 2019-cu il tarixdə Cəlilabad rayon Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbdə 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, aparıcı məsləhətçilər Orxan Əzimov və Ələkbər Niftiyev, məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak edib. Tədbir Dövlət Himninin oxunmasıyla başlanıb.

            “Bayraqları bayraq edən üstündəki qandır…” Bu cümlələrlə başlayan tədbirdə Respublikamızın rəmzi olan bayraq haqda geniş məlumat verildi. Tədbirdə çıxış edən RTŞ müdiri Q. Əhmədova Dövlət Bayrağı günü münasibətilə iştirakçıları təbrik etdi və Dövlət Bayrağı günü haqqında məlumat vedi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam  imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir.

             Daha sonra məktəbin şagirdləri "Bayraq günü” ilə əlaqədar şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa ediblər. Həmçinin məktəbin həyətyanı sahəsində Bayraq meydanının açılması, hərbi geyimli məktəblilər tərəfindən Dövlət Bayrağının təntənəli şəkildə meydana gətirilməsi tədbirə xüsusi rəng qatıb.