12.12.2019

Cəlilabadda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb

        Dekabrın 12-si Azərbaycanın hər yerində olduğu kimi, Cəlilabadda da Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib. Rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.
        Heydər Əliyevin Cəlilabadın sosial-iqtisadi inkişafı ilə bağlı əvəzsiz xidmətləri var. O, Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Cəlilabadda səfərdə olub, sakinlərlə görüşərək onları narahat edən problemləri dinləyib və həlli ilə bağlı tapşırıqlarını verib, yeni infrastrukturun yaradılmasını, yaşayış massivlərinin salınmasını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, emal müəssisələrinin tikilməsini birbaşa diqqətində saxlayıb. Bu gün hər bir Cəlilabaddlı qürur hissi keçirir ki, onlar bu diqqət və qayğını Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdən görürlər. Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamları cəlilabaddlılar sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılayırlar.
        Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Cəlilabad rayonunun bütün yaşayış məntəqələrində, ərazi icra nümayəndəliklərində və bələdiyyələrdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə, müəssisə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib.
        Dekabrın 12-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
        Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.


Açar sözlər: ,  ,