17.01.2020

Seminar-məşğələ keçirilib

     Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 01/05-06/0014 nömrəli, 07.01.2020-ci il tarixli məktubuna əsasən Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin bazasında 17 yanvar 2020-ci il tarixdə ümumtəhsil məktəbləri tərəfindən nəzarətçi kimi təqdim olunan müəllimlərin seminar-məşğələləri keçirilib.    

      Seminar-məşğələdə rayonun ümumtəhsil məktəblərindən 100-ə yaxın müəllim iştirak edib. 

     Seminar məşğələdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.

      Seminarlarda, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən istifadə olunacaq cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır, onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.
      Qeyd edək ki, seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək.