19.11.2020

Videokonfrans keçirilib

        Noyabrın 19-da Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova ümumtəhsil məktəblərinin direktorları ilə videokonfrans keçirib.  Videokonfransda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri və bəzi fəal müəllimlər iştirak ediblər.  

        Videokonfransı Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova  açaraq başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Ordumuzun Qarabağın azadlığı uğrunda apardığı Böyük Vətən müharibəsində qazandığı tarixi qələbə münasibətilə təhsil işçilərini təbrik edib, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib. Həmçinin Q. Əhmədova Şuşa şəhərinin və ölkənin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı barədə iştirakçılara ətraflı məlumat vermişdir.

        Daha sonra Şabanlı kənd tam orta məktəbin direktoru Sucayət Mehdiyev və Şuşa şəhərindən olan Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyeva çıxış edərək tarixi qələbəmiz münasibəti ilə iştirakçıları təbrik etmiş və ürək sözlərini bildirmişlər.

        Məlumat üçün bildiririk ki, Cəlilabad rayonu üzrə 28 nəfər təhsil işçisi könüllü olaraq ön cəbhəyə yola düşərək Vətən torpaqlarının azad olunması uğrunda öz şücaətlərini göstəriblər. Həmçinin ehtiyatda olan leytenant, Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlu döyüşlərin ilk günündən könüllü şəkildə orduya yazılaraq torpaqların azadlığı uğrunda qəhrəmancasına canından keçmiş və şəhidlik zirvəsinə ucalmışdır.