17.09.2021

Sentyabr konfransı keçirilib

Sentyabrın 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, İnstitutun direktor müavini Ülkər Babayeva, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın işinə uğurlar arzulayıb. Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib, sonda təhsil işçilərinə uğurlar arzulayıb.

Tədbir Vətən müharibəsi iştirakçısı olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq kənd tam orta məktəbinin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib. Konfransda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.

Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

 


Açar sözlər: ,